Təhlükə böyüyür: Dabaq xəstəliyi sürətlə yayılır
Cənubi Afrikada heyvanlar arasında sürətlə yayılan dabaq xəstəliyi (Foot and Mouth Disease – FMD) səbəbilə ölkə miqyasında fövqəladə vəziyyət elan edilib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki , bu barədə Milli Fəlakətlərin İdarə Edilməsi Mərkəzinin rəhbəri Dr. Elias Sithole bildirib ki, Şərqi Keyp, Fri Ştat, Qautenq, Kvazulu-Natal, Limpopo, Mpumalanga, Şimal-Qərb və Qərbi Keyp əyalətlərində qeydə alınan yoluxma halları və onların miqyası nəzərə alınaraq, xəstəlik milli səviyyədə fəlakət kimi tanınıb.
Onun sözlərinə görə, bu qərar 2002-ci il Fəlakətlərin İdarə Olunması haqqında Qanuna əsasən qəbul edilib və dövlət qurumlarına daha sürətli və koordinasiyalı reaksiya verməyə imkan yaradacaq.
Qırmızı Ət Sənayesi Xidmətlərinin icraçı direktoru Dewald Olivier də qərarı müsbət qiymətləndirib. O bildirib ki, dabaq xəstəliyi ölkənin ərzaq təhlükəsizliyi və heyvandarlıq sektorunun dayanıqlılığı üçün ciddi təhlükədir.
Olivierin dediklərinə əsasən son aylarda: kəsim sayı 5 faiz azalıb, mal əti ixracı isə 26 faiz geriləyib.
Bu göstəricilərin hazırda daha da pisləşdiyi ehtimal olunur. Ekspertlər bildirir ki, ixracın azalması təkcə valyuta itkisi deyil, eyni zamanda fermerlər və ümumi istehsal zənciri üçün ciddi zərər deməkdir.
Mütəxəssislər hazırda əsas prioritetin peyvəndlərin təmin olunması, mərhələli peyvəndləmə və qurumlararası koordinasiya olduğunu vurğulayırlar. Qeyd edilir ki, gecikmə daha ağır nəticələrə yol aça bilər.
Qeyd edək ki, dabaq xəstəliyinin milli fəlakət elan olunması vəziyyətin nəzarətdən çıxdığı anlamına gəlmir. Bu addım hökumətə əlavə resurslar cəlb etməyə, peyvəndlərin alınmasını sürətləndirməyə və müvafiq qurumlar arasında əməkdaşlığı gücləndirməyə hüquqi imkan yaradır.
13:25 16.02.2026
Oxunuş sayı: 681