WhatsAppdan yenilik: artıq bu xidmətdən istifadə edə bilərsiniz
WhatsApp indi brauzer üzərindən səsli və video zəng funksiyasını təqdim edir. Belə ki, bu yenilik sayəsində istifadəçilər telefon və ya masaüstü tətbiqi açmadan birbaşa WhatsApp Web-dən zəng edə biləcəklər.
Crossmedia.az xəbər verir ki, bu barədə Bebebom Gadgets saytı yazıb.
Qeyd edək ki, hazırda funksiya yalnız beta istifadəçilər üçün aktivdir və təkbətək (1-ə-1) söhbətlərdə işləyir. Hər iki zəng növü end-to-end şifrələmə ilə qorunur, yəni danışılanlar yalnız zəng iştirakçıları tərəfindən görünə və eşidilə bilər.
Video zəng zamanı istifadəçilər ekran paylaşımı da edə biləcəklər, bu xüsusiyyət əvvəllər yalnız mobil və masaüstü tətbiqlərdə mövcud idi.
Mütəxəssislər bildirirlər ki, bu yenilik xüsusilə WhatsApp-ın Desktop tətbiqini işlədə bilməyən kompüter istifadəçiləri üçün faydalıdır. Xüsusilə Linux istifadəçiləri və kameraya, mikrofon və uyğun brauzerə malik digər cihaz sahibləri bundan yararlana biləcək.
WhatsApp yaxın zamanlarda digər yenilikləri də təqdim edib — məsələn, yeni qrup üzvlərinə əvvəlki mesajları görmək imkanı, hesab təhlükəsizliyi üçün sərt parametrlər və digər funksiyalar. Hazırda səsli və video zənglər yalnız beta istifadəçilərə təqdim olunsa da, yaxın həftələrdə daha geniş auditoriyaya yayımlanması gözlənilir.
Fatimə Məmmədova
14:05 11.02.2026
Oxunuş sayı: 697