İranın yüksək səviyyəli rəsmisi Maskata səfər etdi, regional proseslər müzakirə olunacaq
Bu gün İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani Omanın paytaxtı Maskata rəsmi səfərə yola düşüb. Səfər Tehran və Vaşinqton arasında mümkün yeni dialoq mərhələsi ətrafında qeyri-müəyyənliyin davam etdiyi bir vaxtda baş verir.
Crossmedia.az bu barədə "Mehr News" ə istinadən xəbər verir ki, Laricani səfər çərçivəsində Oman Sultanı Heytəm bin Tariq və ölkənin xarici işlər naziri Bədr bin Həməd əl-Busaidi ilə görüşlər keçirəcək. Görüşlərdə son regional və beynəlxalq proseslər, İran-Oman münasibətləri və iqtisadi əməkdaşlıq imkanları müzakirə olunacaq.
Səfər İran və ABŞ rəsmiləri arasında baş tutan görüşdən cəmi dörd gün sonraya təsadüf edir. Oman uzun illərdir Tehran və Vaşinqton arasında vasitəçi rolunu oynayır. Eyni vaxtda İsrailin baş naziri Benyamin Netanyahunun da Vaşinqtonda ABŞ Prezidenti Donald Trampla İran məsələsini müzakirə edəcəyi gözlənilir.
12:30 10.02.2026
Oxunuş sayı: 451