Mossad əməliyyatı Türkiyədə ifşa edildi: İki şübhəli tutuldu
Türkiyədə İsrail kəşfiyyatına işləməkdə şübhəli bilinən iki nəfər saxlanılıb.
Crossmedia.az bu barədə "Yeni Şafak" qəzetinə istinadən xəbər verir ki,Türkiyə hüquq-mühafizə orqanları İsrailin kəşfiyyat agentliyi Mossadla əlaqədə olmaqda şübhəli bilinən şəxslərə qarşı əməliyyat keçirib. Əməliyyat nəticəsində iki nəfər saxlanılıb.
Müstəntiqlərin bildirdiyinə görə, saxlanılan şəxslər 2013-cü ildən etibarən İsrail kəşfiyyat xidmətləri ilə əlaqə saxlayıblar. Əməliyyat Türkiyə Milli Kəşfiyyat Təşkilatı (MİT), İstanbul Respublika Prokurorluğu və İstanbul polisi tərəfindən birgə həyata keçirilib.İş materiallarına əsasən, rəqəmsal daşıyıcıların təhlili zamanı şübhəlilərin Mossadla əlaqələrini təsdiqləyən yazışmalar aşkar edilib. Şübhəlilərdən biri – Mehmet Budak Derya – iddialara görə Roma, Vyana, Yunanıstan və İtaliyada Mossad nümayəndələri ilə görüşüb, müxtəlif tapşırıqlar yerinə yetirib, təxminən 18 min avro məbləğində ödəniş alıb və gizli rabitə vasitələrindən istifadə edib.
Məlumata görə, şübhəlilər mərmər ticarəti adı altında Qəzza zolağına daxil olmağa, kəşfiyyat məlumatları toplamağa və görüntülər ötürməyə cəhd göstəriblər. İkinci şübhəli Veysel Kərimoğlunun isə İsrail kəşfiyyatının xeyrinə Çin şirkətlərindən və dron hissələri ticarətindən istifadə etməyi təklif etdiyi iddia olunur.
12:05 10.02.2026
Oxunuş sayı: 370