Fidan: Hücumundan bir neçə saat əvvəl Rubio mənə xəbərdarlıq etdi
Türkiyənin xarici işlər naziri Hakan Fidan İsrailin İrana hücumundan əvvəl ABŞ tərəfinin Ankaranı məlumatlandırdığını açıqlayıb.
Crossmedia.az-ın məlumatına görə, nazir "CNN"ə verdiyi müsahibədə bildirib ki, ABŞ Dövlət katibi Marko Rubio hücumdan bir neçə saat öncə onunla telefon danışığı aparıb. Fidanın sözlərinə görə, Rubio zəng zamanı “iranlılara yaxın bir neçə saat ərzində hər şeyin baş verə biləcəyini deməsini” istəyib.
Hakan Fidan 12 gün davam edən müharibə fonunda Tehran–Vaşinqton münasibətlərini də dəyərləndirib. O vurğulayıb ki, hərbi qarşıdurmanın qaçılmaz olduğunu düşünməsə də, iki ölkə arasında aparılan danışıqlar münaqişə riskinin tam aradan qalxdığı anlamına gəlmir.
Nazirin fikrincə, bölgədə gərginlik hələ də yüksək olaraq qalır və diplomatik kanallar açıq saxlanılmadığı təqdirdə yeni eskalasiya riski istisna edilmir.
10:08 10.02.2026
Oxunuş sayı: 536