Bu Android telefonlar gizli casusluq aləti ola bilər – XƏBƏRDARLIQ
Texnologiyanın sürətlə inkişaf etdiyi müasir dövrdə smartfonlar həyatımızın ayrılmaz hissəsinə çevrilib. Lakin cihazların köhnəlməsi və istehsalçılar tərəfindən dəstəklənməməsi, istifadəçilər üçün təhlükəsizlik risklərini əhəmiyyətli dərəcədə artırır.
Xüsusilə, Android platformasında uzun müddət təhlükəsizlik yeniləmələri almayan cihazlar, kiberhücumlardan qorunmaq imkanlarını itirir. Bu boşluqların istismar edilməsi nəticəsində şəxsi məlumatlar, bank hesabları və həssas fayllar üçün ciddi təhdid yaranır.
Eyni zamanda, köhnə cihazlarda proqram icazələrinin zəif idarə olunması və arxa fonda işləyən tətbiqlərin nəzarətsiz fəaliyyəti əlavə risklər doğurur. Belə bir kontekstdə istifadəçilərin məlumat təhlükəsizliyini qorumaq üçün atacağı addımlar, həm fərdi təhlükəsizlik mədəniyyətini, həm də texnoloji həlləri əhatə etməlidir.
Mövzu ilə bağlı Crossmedia.az-a açıqlamasında İT üzrə mütəxəssis Elvin Abbasov bildirib ki, dəstəyi dayandırılmış Android cihazlarında əsas təhlükə istehsalçı tərəfindən aradan qaldırılmayan sistem boşluqlarıdır. Onun sözlərinə görə, yeni təhlükəsizlik yeniləmələri təqdim edilmədiyi üçün hakerlər artıq məlum olan zəifliklərdən istifadə edərək, telefona uzaqdan daxil ola, bank məlumatlarını, şəxsi şəkilləri və digər həssas informasiyaları ələ keçirə bilirlər.

Ekspert qeyd edib ki, xüsusilə köhnə cihazlarda tətbiq icazələrinin idarə olunması zəif olduğundan, adi görünən proqramlar belə arxa fonda mikrofon və ya kameraya gizli giriş əldə edə, istifadəçini real vaxt rejimində izləyə bilər.
Elvin Abbasov istifadəçilərə məlumat təhlükəsizliyini qorumaq üçün bir sıra vacib tövsiyələr də verib.
Onun sözlərinə görə, ilk növbədə rəsmi mağazadan kənar APK fayllarının yüklənməsindən imtina edilməli, Google Play Protect funksiyasının aktivliyi daim yoxlanılmalıdır.
Bundan əlavə, cihazın daxili brauzeri köhnəldiyi üçün internetdən istifadə zamanı mütəmadi yenilənən Google Chrome və ya Firefox kimi brauzerlərə üstünlük verilməli, ictimai Wi-Fi şəbəkələrindən isə mümkün qədər uzaq durulmalıdır.
Ekspert vurğulayıb ki, ən vacib təhlükəsizlik addımlarından biri bütün hesablar üçün iki faktorlu autentifikasiyanın (2FA) aktivləşdirilməsidir. Bu üsul şifrə ələ keçirilsə belə, hesabın qorunması üçün əlavə təhlükəsizlik səddi yaradır.
Nigar Yahyazadə
09:34 11.02.2026
Oxunuş sayı: 488