İran parlamenti ABŞ ilə mümkün danışıqları qapalı iclasda müzakirə edib
İran parlamenti bu gün ABŞ ilə ehtimal olunan danışıqları, eləcə də ölkənin müdafiə və milli təhlükəsizlik vəziyyətini müzakirə etmək üçün qapalı iclas keçirib.
Crossmedia.az İran mediasına istinadən xəbər verir ki, iclasda Silahlı Qüvvələrin Baş Qərargah rəisi Əbdürrəhim Musəvi və xarici işlər naziri Abbas Əraqçı da iştirak ediblər.
Məlumata görə, müzakirələr zamanı əvvəlki danışıqlarda buraxılan “səhvlərin təkrarlanmamasının vacibliyi” xüsusi vurğulanıb. Həmçinin bildirilib ki, İran uranın zənginləşdirilməsinin sıfıra endirilməsi kimi şərti qəbul etməyəcək.
Parlamentin Rəyasət Heyətinin sözçüsü Abbas Qudərzi qeyd edib ki, millət vəkilləri danışıqların yalnız “güc mövqeyindən aparılmalı olduğunu” bildiriblər. O əlavə edib ki, ölkənin nüvə sənayesinin qorunması diplomatiya üçün “qırmızı xətt” sayılır və İranın strateji gələcəyi baxımından həlledici əhəmiyyət daşıyır.
Türkan Kərimli
17:05 09.02.2026
Oxunuş sayı: 427