“Kartınız bloklanıb” tələsi: bu tələyə necə düşürük?
Son vaxtlar ölkədə ödəniş kartları ilə bağlı fırıldaqçılıq hallarının sürətlə artması təhlükəli tendensiyaya çevrilib. Bank kartlarından qanunsuz istifadə, vəsaitlərin mənimsənilməsi və şəxsi maliyyə məlumatlarının ələ keçirilməsi halları artıq kütləvi hal alıb. Bu vəziyyət minlərlə vətəndaşa ciddi maliyyə riski yaratmaqla, gündəlik istifadə edilən ödəniş sistemlərinə də ciddi təhdid yaradır.
Ən ciddi məqamlardan biri odur ki, bu cür halların böyük hissəsi vətəndaşların özlərinin bilmədən və ya ehtiyatsız davranışı nəticəsində baş verir. Saxta SMS-lər, e-poçtlar, sosial şəbəkə elanları və bank adından göndərilən aldadıcı bildirişlər vasitəsilə insanlar kart məlumatlarını, CVV kodlarını və birdəfəlik şifrələri dələduzlara özləri veririrlər. Nəticədə bir neçə dəqiqə ərzində kart hesabındakı vəsait tamamilə boşaldılır.
Təhlükə hər gün artdıqca aydın olur ki, kiberdələduzluq yalnız texniki məsələ deyil, həm də maarifləndirmə və şəxsi məsuliyyət problemidir. Kart məlumatlarının başqa şəxslərlə paylaşılması, naməlum linklərə daxil olunması və şübhəli zənglərə inanılması ciddi fəsadlara yol aça bilər. Mövcud vəziyyət bir daha göstərir ki, ödəniş kartlarından istifadə zamanı maksimum diqqət və ehtiyatlılıq vacibdir, əks halda maddi zərərin qarşısını almaq son dərəcə çətin ola bilər.
Mövzu ilə əlaqədar Crossmedia.az-a açıqlama verən İkt mütəxəssisi Elvin Abbasov kiberdələduzların əl atdığı üsullardan danışıb:

"Kiberdələduzlar vətəndaşların etibarını qazanmaq üçün çox vaxt "təcili uduş", "kartın bloklanması" və ya "sosial ödəniş" mövzularından istifadə edirlər. Sizə göndərilən saxta linkə daxil olduğunuzda kartın 16 rəqəmini, bitmə tarixini və ən əsası CVV/CVC kodunu (arxadakı 3 rəqəm) yazmağınız tələb olunur. Bu məlumatları daxil etdiyiniz an cinayətkarlar sizin kartınızdan onlayn alış-veriş edir və əməliyyatı təsdiqləmək üçün telefonunuza gələn 3D-Secure (OTP) kodunu da saxta sayt vasitəsilə sizdən alaraq hesabı saniyələr içində boşaldırlar".
Ekspert bildirib ki, təhlükədən qorunmağın ən effektiv yolu "rəqəmsal şübhə"dir:
“Heç bir rəsmi qurum və ya bank sizdən SMS-lə gələn kodu və ya kartın CVV kodunu telefonda soruşmaz. Onlayn alış-veriş və ya elan saytlarında ödəniş qəbul etmək üçün əsas kartınızın məlumatlarını vermək əvəzinə, limitini özünüz tənzimlədiyiniz virtual kartlardan istifadə etmək məsləhətdir. Əgər bilmədən məlumatlarınızı daxil etmisinizsə, heç bir saniyə gözləmədən mobil tətbiq vasitəsilə kartı bloklamalı və bankın qaynar xəttinə (adətən 181 və ya müvafiq bankın nömrəsi) zəng etməlisiniz".
Fatimə Məmmədova
10:47 10.02.2026
Oxunuş sayı: 495