İran ötən ilin iyun ayında baş vermiş 12 günlük müharibə zamanı zərbələrə məruz qalan bir sıra ballistik raket obyektlərini qısa müddətdə yenidən qurub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Araşdırmada bildirilir ki, son aylarda İran ərazisində yerləşən çoxsaylı raket qurğularında və hərbi infrastrukturlarda intensiv təmir və bərpa işləri aparılıb. Xüsusilə hücumlardan dərhal sonra bir neçə ballistik raket istehsalı və sınaq müəssisəsində aktiv tikinti prosesinin başladığı peyk görüntüləri ilə təsdiqlənib.
Qəzet qeyd edir ki, zədələnmiş obyektlərin bərpasında müşahidə olunan yüksək sürət Tehranın hərbi prioritetlərini açıq şəkildə nümayiş etdirir. Mütəxəssislərin fikrincə, bu addımlar İranın raket potensialını qısa zamanda əvvəlki səviyyəyə qaytarmaq və mümkün yeni risklərə hazır olmaq niyyətindən xəbər verir.
Məqalədə vurğulanır ki, bu proses ABŞ-nin regionda hərbi mövcudluğunu artırdığı və yeni hərbi əməliyyat ehtimalının müzakirə edildiyi bir dövrə təsadüf edir. Bu isə Yaxın Şərqdə təhlükəsizlik vəziyyətinin daha da gərginləşə biləcəyi ilə bağlı narahatlıqları artırır.