Keçmiş İran parlamentinin vitse-spikeri Əli Motəhhəri ölkədə davam edən kütləvi etirazları və ictimai narazılıqları “bəhanə” kimi qiymətləndirib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Motəhhəri bildirib ki, İranda guya “nisbi azadlıq” mövcuddur və bu səbəbdən etirazlar üçün əsas yoxdur. Onun sözlərinə görə, cəmiyyət tam azaddır və qadınlar istədikləri kimi çölə çıxa bilirlər. Keçmiş rəsmi həmçinin spirtli içkilərin asanlıqla əldə olunduğunu iddia edərək sual edib: “Bəs niyə bəhanələr uydurub etiraz edirsiniz?”
Motəhhərinin bu açıqlaması İranda ümumxalq etirazlarının davam etdiyi, etirazçıların açıq şəkildə İslam Respublikası sisteminə qarşı çıxdıqları və ölkə rəhbərliyinə qarşı şüarlar səsləndirdikləri bir vaxta təsadüf edir.
Qeyd edək ki, son dövrlərdə İranda sosial, siyasi və iqtisadi problemlər fonunda etiraz aksiyaları geniş vüsət alıb və hakimiyyət dairələrinin bu proseslərə münasibəti cəmiyyətdə ciddi müzakirələrə səbəb olur.