Rusiya ABŞ-nin Zaporojye Atom Elektrik Stansiyasının (ZNPP) Vaşinqtonun tam nəzarətinə verilməsi ilə bağlı təklifini qəbul etməyib.
Crossmedia.az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.
Mənbələr bildirir ki, stansiyanın statusu hələ də mübahisəli olaraq qalır. Rusiya tərəfi Zaporojye AES üzərində nəzarəti saxlamaqda israrlıdır. Eyni zamanda, Moskvanın Ukraynaya daha ucuz elektrik enerjisi təklif etməyə hazır olduğu qeyd olunur. Lakin bu yanaşma Kiyev tərəfindən tamamilə qəbuledilməz hesab edilir.
Məlumata görə, Ukraynadakı ərazi mübahisələri hələ də həllini tapmayıb və bu amil sülh razılaşmasının əldə olunmasına əsas maneələrdən biri olaraq qalır.
Bununla yanaşı, ABŞ və Ukrayna may ayında Ukraynada sülh planı çərçivəsində potensial razılaşmalarla bağlı seçkilər və referendumların keçirilməsi imkanlarını müzakirə edirlər. Lakin Kiyev ABŞ və digər tərəfdaş ölkələrdən konkret təhlükəsizlik zəmanətləri əldə olunana qədər Rusiya ilə hər hansı diplomatik razılaşmaya getmək niyyətində olmadığını açıq şəkildə bildirib.