Ukrayna cəbhəsində Starlink terminallarına girişin məhdudlaşdırılmasından sonra Rusiya ordusunun hücum intensivliyində nəzərəçarpacaq azalma müşahidə olunub. Məlumata görə, İlon Maskın rəhbərlik etdiyi SpaceX şirkəti Starlink terminalları ilə bağlı yoxlama prosesinə başlayıb və Ukrayna ərazisində icazəsiz istifadə olunan cihazları bloklayıb.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Mənbələrin bildirdiyinə görə, cəbhə xətti boyunca Starlink bağlantılarının kütləvi şəkildə deaktiv edilməsi cəmi 24 saat ərzində həyata keçirilib. Bu addımdan dərhal sonra Rusiya tərəfinin hücum əməliyyatlarının koordinasiyasında və tempində zəifləmə qeydə alınıb.
Hərbi ekspertlər vurğulayırlar ki, Starlink peyk rabitəsi döyüş meydanında real vaxtda əlaqə, pilotsuz uçuş aparatlarının idarə olunması və əməliyyatların sinxronlaşdırılması baxımından həlledici rol oynayır. Rabitənin itirilməsi isə hücumların planlaşdırılması və icrasında ciddi çətinliklər yaradır.
Qeyd olunur ki, SpaceX-in bu qərarı regionda informasiya və rabitə üstünlüyünün döyüşlərin gedişatına birbaşa təsir etdiyini bir daha göstərib. Hadisənin uzunmüddətli nəticələrinin isə yaxın günlərdə daha aydın şəkildə ortaya çıxacağı gözlənilir.