Ceffri Epşteynlə bağlı sənədlərdə adı keçən Böyük Britaniyanın ən nüfuzlu siyasi fiqurlarından biri – Peter Mendelson artan təzyiqlər fonunda vəzifəsindən istefa verib. Bununla yanaşı, Mendelson barəsində rəsmi istintaqa başlanıldığı bildirilir.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, 72 yaşlı Peter Mendelson Britaniya siyasi elitasının əsas simalarından biri hesab olunurdu. O, müxtəlif illərdə Toni Bleyer və Qordon Braun hökumətlərində nazir vəzifələrində çalışıb. Böyük Britaniyanın Avropa İttifaqının üzvü olduğu dövrdə Avropa Komissarı olub, daha sonra isə ölkəsinin ABŞ-dakı səfiri kimi fəaliyyət göstərib.
Uzun illər Parlamentin və Lordlar Palatasının üzvü olan Mendelson kəskin Rusiya əleyhdarı mövqeyi və Ukraynaya açıq dəstəyi ilə tanınırdı. Siyasi dairələrdə onu Britaniya elitasının ən təsirli və qərarverici fiqurlarından biri kimi xarakterizə edirdilər.
Epşteyn sənədlərində adının hallanması isə onun siyasi karyerasında ciddi böhran yaradıb və nəticədə istefa ilə yekunlaşıb. İstintaqın detalları və mümkün hüquqi nəticələri ilə bağlı hələlik əlavə məlumat açıqlanmayıb.