Tehran ABŞ-la aparılan danışıqlar zamanı uranın zənginləşdirilməsi hüququnda israr etdiyini açıqlayıb. İran tərəfi hesab edir ki, ABŞ nümayəndə heyəti Tehranın bu məsələdəki mövqeyini anlayışla qarşılayıb.
Bu barədə Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, İran uranın zənginləşdirilməsindən tam imtinanı qəti şəkildə rədd edib. Bununla yanaşı, Tehran zənginləşdirmə səviyyəsinin müzakirə mövzusu ola biləcəyini bildirib və bu istiqamətdə dialoqa açıq olduğunu qeyd edib.
Danışıqlar zamanı İranın raket proqramının gündəmə gətirilmədiyi vurğulanıb. Tehran tərəfi hesab edir ki, ABŞ nümayəndə heyəti İranın irəli sürdüyü tələblərə münasibətdə müəyyən çeviklik nümayiş etdirib.
Qeyd edək ki, tərəflər arasında aparılan danışıqlar regionda artan gərginlik fonunda beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir.