ABŞ-Rusiya arasında ikitərəfli razılaşmalar aktuallığını itirib - ABŞ dövlət katibi
ABŞ dövlət katibi Marko Rubio Cenevrədə çıxışı zamanı SNV-3 müqaviləsinin müddəti başa çatdıqdan sonra nüvə silahlarına nəzarətdə çoxtərəfli formata keçidin vacibliyini bəyan edib.
Crossmedia.az xarici KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə Rusiya 2023-cü ildə SNV-3 üzrə öhdəliklərin icrasını dayandırdıqdan sonra ABŞ–Rusiya arasında ikitərəfli razılaşmalar aktuallığını itirib. Rubio vurğulayıb ki, yeni geosiyasi reallıq silahlara nəzarət sahəsində yeni yanaşma tələb edir və bu yanaşma ikinci böyük nüvə amili olan Çinin nəzərə alınmasını zəruri edir.
ABŞ dövlət katibi əsas faktor kimi Çinin nüvə potensialının sürətlə artmasını göstərib. ABŞ-nin qiymətləndirmələrinə görə, 2020-ci ildən bu yana Pekinin nüvə arsenalı 200-dən bir qədər çox göstəricidən 600-dən artıq döyüş başlığına çatıb və 2030-cu ilə qədər bu rəqəm 1 000-i ötə bilər. Bu baxımdan, Rubionun sözlərinə görə, Çin strateji sabitliyin təmin olunmasında “xüsusi məsuliyyət” daşıyır.
Marko Rubio qeyd edib ki, ABŞ öz təhlükəsizliyini və müttəfiqlərinin təhlükəsizliyini zəiflədən heç bir sazişə imza atmayacaq və etibarlı, modernləşdirilmiş nüvə caydırıcılığı potensialını qoruyaraq danışıqları “güc mövqeyindən” davam etdirəcək.
O əlavə edib ki, yeni format üzrə danışıqlar uzunmüddətli ola bilər, lakin Vaşinqton qlobal nüvə təhdidlərinin real şəkildə azaldılmasına nail olmağa çalışacaq.
18:40 06.02.2026
Oxunuş sayı: 433