Ukrayna hərbçilərinin döyüş meydanındakı əsas üstünlüyü açıqlanıb
Ukrayna müdafiəçiləri atıcı silahlarla aparılan döyüşlərdə 90 faiz rus işğalçıları üzərində qələbə qazanırlar.
Crossmedia.az "RBK Ukraina"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, hazırlığın nəticələri açıq şəkildə görünür: "Ukraynalı hərbçilər yüksək hazırlıq səviyyəsi nümayiş etdirir, düşmən isə ciddi itkilər verir. Atıcı döyüşdə hərbçilərdən ibarət qruplar qarşılaşdıqda, bizim döyüşçülər 90 faiz hallarda rəqib üzərində qələbə qazanır. Döyüş hazırlığı effektivliyin artırılması və hərbçilərin həyatının qorunması baxımından əsas amildir və bu istiqamət onun daimi nəzarəti altındadır".
Sırski əlavə edib ki, hazırda hazırlıq proqramının altıncı redaksiyası tətbiq olunub: "Proqram üzrə hazırlıq müddəti 51 günə qədər artırılıb, əlavə olaraq vəziyyətdən asılı olaraq 14 günədək adaptasiya dövrü nəzərdə tutulur. Döyüş təcrübəsinə malik təlimatçıların sayı artır, maddi-texniki baza inkişaf etdirilir, təhlükəsizlik isə prioritet olaraq qalır; məşğələlərin maksimal hissəsi mühafizə olunan məkanlarda keçirilir".
Xatırladaq ki, Sırski daha əvvəl Ukrayna Silahlı Qüvvələrində baza ümumqoşun hazırlığının keçirilməsinə dair tələblərin dəyişdiriləcəyini açıqlamışdı. Eyni zamanda, Quru Qoşunlarının Təlimatçılar Məktəbinin gücləndiriləcəyi, hazırlıqda əsas diqqətin kəmiyyətə deyil, keyfiyyətə yönəldiləcəyi bildirilmişdi.
Bundan əlavə, Ukrayna Silahlı Qüvvələrində yeni çağırışçıların seçimi üzrə yeni mexanizmin tətbiq ediləcəyi məlum olub. Bu mexanizm cəbhə xəttində yerləşmədən asılı olaraq hərbçilərin döyüş briqadalarına aylıq bölgüsünü nəzərdə tutur.
Turqut Ansari
15:47 06.02.2026
Oxunuş sayı: 444