Ermənistanda siyasi qarşıdurma: Simonyandan sabiq prezidentə qarşı iddia
Ermənistan parlamentinin sədri Alen Simonyan ölkənin sabiq prezidenti Robert Koçaryana qarşı məhkəməyə müraciət edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, 2026-cı il fevralın 5-də Ermənistan Milli Məclisinin spikeri Alen Simonyan sabiq prezident Robert Koçaryana qarşı məhkəmədə iddia qaldırıb. İddiada Simonyan keçmiş prezidentdən öz ünvanına edilmiş təhqirlərə görə ictimai üzrxahlıq və 1 milyon dram məbləğində kompensasiya tələb edir.
İddianın məzmununa görə, Koçaryan 2026-cı il yanvarın 29-da keçirdiyi mətbuat konfransında Alen Simonyana qarşı təhqiramiz bəyanatlar verib və sonra Simonyandan üzr istəməyib. Həmin konfransda jurnalist orduda vəziyyətin Koçaryanın prezidentlik illəri ilə necə üst-üstə düşdüyünü soruşub və Simonyanın orduda vəziyyətlə bağlı fikirlərini xatırladıb: qida və su çatışmazlığı, zabitlər tərəfindən əsgərlərin alçaldılması və s.
Koçaryan jurnalistin Simonyanın sözlərini ciddi qəbul etməsinə təəccübləndiyini bildirib və əlavə edib ki, Simonyan "istədiyi kimi danışır". O, Simonyanı ordunu anlamamaqda və normal xidmət edə bilməməkdə ittiham edib.
Alen Simonyan bu sözləri təhqiramiz hesab edir və tələb edir ki, Koçaryan üzrxahlıq mətnini Facebook səhifəsində hər kəsin görəcəyi şəkildə ən azı 5 iş günü ərzində dərc etsin. Əgər bu mümkün deyilsə, üzrxahlıq ən azı 5 000 nüsxə tirajla çap olunmuş qəzetdə yayımlanmalıdır.
Nigar Yahyazadə
13:13 06.02.2026
Oxunuş sayı: 463