Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qahirəyə rəsmi səfəri çərçivəsində Misir prezidenti Əbdülfəttah əs-Sisiyə Türkiyə istehsalı olan Togg markalı elektrik avtomobili hədiyyə edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Hədiyyə ikitərəfli sazişlərin imzalanmasından və birgə mətbuat konfransından sonra təqdim olunub. Liderlər Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçırın müşayiəti ilə prezident sarayının bağçasında Anadolu rəngində olan “Togg” elektromobilinə baxış keçiriblər.
Məlumata görə, Əbdülfəttah əs-Sisi avtomobilin sükanına şəxsən əyləşib və Rəcəb Tayyib Ərdoğanın müşayiəti ilə Türkiyə–Misir biznes forumunun yekun iclasının keçirildiyi Əl-Massa otelinə gedib.
Misir tərəfi rəsmi yazılı açıqlamasında bu jesti xüsusi qeyd edərək, onu iki ölkə arasında münasibətlərin inkişafına verilən simvolik mesaj kimi qiymətləndirib.