Amerikalı sahibkar İlon Mask və ABŞ Dövlət Departamentinin bir sıra rəsmiləri ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğvi ilə bağlı aparılan istintaq çərçivəsində ifadə vermək üçün çağırılacaqlar.
Crossmedia.az xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.
Məlumata görə, Donald Tramp ABŞ prezidenti vəzifəsinə başladıqdan dərhal sonra Maskın rəhbərlik etdiyi Hökumətin Effektivliyi İdarəsi (DOGE) dövlət büdcə xərclərinin genişmiqyaslı auditinə start verib. Bu proses çərçivəsində Maskın təşəbbüsü ilə USAID-in fəaliyyəti yenidən təşkil olunması məqsədilə müvəqqəti olaraq dayandırılıb.
Axios-un məlumatına əsasən, dinləmələr USAID əməkdaşlarının quruma ayrılan maliyyənin azaldılması ilə bağlı məhkəmə iddiası qaldırmasından sonra gündəmə gəlib. Məhkəmə bu iş üzrə Maskın və Dövlət Departamenti rəsmilərinin birbaşa ifadəsinin vacib olduğunu hesab edib.
ABŞ-ın dairə hakimi Teodor Çuanq bildirib ki, Maskın dinləmələrə çağırılmasından başqa alternativ mövcud olmayıb. Onun sözlərinə görə, nə təqdim olunan sənədlər, nə də aşağı rütbəli məmurlar istintaq üçün yetərli məlumat verə bilib.
Hakim Çuanq əvvəlki qərarlara da istinad edərək qeyd edib ki, Maskın rəsmi səlahiyyəti olmadan USAID-in ləğvi istiqamətində addımlar atdığına dair ciddi suallar mövcuddur.