Avropada keçirilən strateji hərbi-siyasi simulyasiyada Rusiya Litvaya hücum ssenarisində cəmi bir neçə gün ərzində üstünlük əldə edib.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazıb.
Təlimdə keçmiş Almaniya və NATO rəsmiləri, qanunvericilər və təhlükəsizlik üzrə ekspertlər iştirak ediblər. Ssenari hadisələri 2026-cı ilin oktyabrına təsadüf edir.
Simulyasiyanın şərtlərinə əsasən, Rusiya Kalininqradda guya “humanitar böhran”ın yarandığını əsas gətirərək Litvanın əsas nəqliyyat qovşaqlarından biri olan Marijampole şəhərini ələ keçirib.
Oyunun gedişində ABŞ NATO-nun 5-ci maddəsinə istinad etməkdən imtina edib, Almaniya qərarsız mövqe sərgiləyib, Polşa səfərbərlik elan etsə də, qoşun yerləşdirməyib. Litvada yerləşən alman briqadası isə yolların minalanması səbəbindən müdaxilə edə bilməyib.
Nəticədə, ABŞ-nin liderliyi olmadan Rusiya qısa müddətdə NATO daxilində “etimadı sarsıtmağa” nail olub və təxminən 15 min hərbçi yerləşdirərək Baltikyanı ölkələr üzərində faktiki nəzarət qurub. Oyun iştirakçılarından birinin sözlərinə görə, həlledici amil hərbi gücdən çox, Moskvanın müttəfiqlərin qərarsızlığına olan inamı olub.