İrəvanda “Rusiya” yarmarkasının ticarətçiləri köçürülməyə etiraz ediblər
Ermənistanın paytaxtı İrəvanda yerləşən “Rusiya” yarmarkasında fəaliyyət göstərən ticarətçilər ərazinin bağlanaraq yenidən qurulmasına etiraz ediblər.
Crossmedia.az erməni mediasına istinadən xəbər verir ki, sözügedən yarmarka hökumətyönlü deputat Xaçatur Sukiasyanın ailəsinə məxsusdur. Mülkiyyətçi yarmarkanı bağlayaraq ərazini ticarət-əyləncə mərkəzi və yemək meydançasına çevirməyi planlaşdırır.
Onlarla kirayəçi bildirir ki, bu qərar onları dolanışıq mənbəyindən məhrum edə bilər. Etirazçıların sözlərinə görə, bir çoxu onilliklərdir burada çalışır və formalaşdırdıqları müştəri bazasını itirmək təhlükəsi ilə üz-üzədir.
Mülkiyyətçinin nümayəndələri isə bildiriblər ki, sahibkar əmlakdan öz mülahizəsinə uyğun istifadə etmək hüququna malikdir. Tacirlərə pavilyonları boşaltmaq üçün bir ay vaxt verilib və onlara Sukiasyan ailəsinə məxsus digər – İrəvan yarmarkasına köçmək təklif olunub. Lakin kirayəçilər bu təklifi qəbul etməyiblər.
Etirazçılar pavilyonların təmirdən sonra onlara geri qaytarılmasını, həmçinin artıq gətirilmiş malların bir il ərzində satılmasına icazə verilməsini tələb edərək imza toplamağa başlayıblar.
Yarmarkanın rəsmi nümayəndələri isə məsələ ilə bağlı rəhbərliklə görüş təşkil olunacağını bildiriblər.
15:10 05.02.2026
Oxunuş sayı: 474