ABŞnin vitse-prezidenti Ceyms Devid Vens İranın nüvə silahı əldə etməsinin yolverilməz olduğunu bir daha bəyan edib və Vaşinqtonun bu məsələdə sərt mövqeyini təsdiqləyib.
Crossmedia.az-ın məlumatına görə, Vens "The Megyn Kelly Show" proqramına müsahibəsində bildirib ki, İranın nüvə silahına sahib olmasının qarşısını almaq ABŞ Prezidenti Donald Trampın əsas prioritetlərindən biridir. Onun sözlərinə görə, Ağ Ev ilk növbədə diplomatik və qeyri-hərbi vasitələrə üstünlük verir, lakin bütün variantlar açıq saxlanılır.
“Prezident sülh yolu ilə nəticə əldə etməyə üstünlük verir. Əgər o hesab etsə ki, hərbi əməliyyat yeganə çıxış yoludur, sonda bu addımı atacaq”, – deyə Vens vurğulayıb.
Vitse-prezident eyni zamanda İranın siyasi idarəetmə modelini tənqid edərək bildirib ki, ölkədə real qərarların qəbul edilməsi prezidentin deyil, ali rəhbərin səlahiyyətindədir. Onun sözlərinə görə, bu vəziyyət diplomatik əlaqələri xeyli çətinləşdirir.
“İranda qərarları verən şəxs ali rəhbərdir. Prezidentin real təsir imkanları yoxdur. Xarici işlər naziri də əsasən ali rəhbərlə işləyir və biz də faktiki olaraq onunla ünsiyyət qururuq”, – deyə Vens qeyd edib.
O əlavə edib ki, rəsmi və şəffaf qərarvermə mexanizminin olmaması danışıqlar prosesini “absurd vəziyyətə” salır. Vens Trampın digər dünya liderləri ilə birbaşa əlaqə qura bildiyini xatırladaraq İranla müqayisə aparıb və bu ölkə ilə birbaşa dialoqun mümkünsüzlüyünü qeyri-adi hal kimi dəyərləndirib.