Səudiyyə sərmayəsi Türkiyənin yaşıl enerjisinə "axır": 2 milyard dollarlıq razılaşma
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında bərpa olunan enerji sahəsində 2 milyard dollar dəyərində əməkdaşlıq müqaviləsi imzalanıb.
Crossmedia.az xəbər verir ki, razılaşmaya əsasən, Səudiyyə Ərəbistanına məxsus şirkətlər Türkiyədə ümumi quraşdırılmış gücü 5 GVt olan günəş və külək enerjisi layihələrini həyata keçirəcək.
Layihələr ölkənin yaşıl enerji potensialının artırılmasına mühüm töhfə verəcək.
Müqavilənin birinci mərhələsində Mərkəzi Anadoluda yerləşən Sivas və Karaman əyalətlərində 2 GVt gücündə günəş elektrik stansiyalarının tikintisi nəzərdə tutulur. Bu stansiyalar təxminən 2,1 milyon ev təsərrüfatını elektrik enerjisi ilə təmin edə biləcək.
Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar bildirib ki, layihə ölkənin 2035-ci ilə qədər günəş və külək enerjisi üzrə 120 GVt quraşdırılmış gücə çatmaq hədəfinə yaxınlaşmasına kömək edəcək.
Birinci mərhələnin 2027-ci ilin sonunadək tamamlanması, layihənin tam şəkildə isə 2028–2029-cu illərdə reallaşdırılması planlaşdırılır.
18:27 04.02.2026
Oxunuş sayı: 1380