Papuaşvilidən Brüsselə sərt ittiham: Aİ dəyərlərini itirir, yalnız adı qalır
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa İttifaqını sərt tənqid edib.
Gürcüstan parlamentinin sədri qeyd edib ki, müxalifətin oktyabrın 4-də minlərlə insanı toplayaraq Tbilisidə prezident sarayına basqın etməyə cəhd göstərməsindən artıq dörd ay keçir. Onun sözlərinə görə, bu müddət ərzində bir məqam aydınlaşıb: Brüssel həmin hadisəni heç vaxt açıq şəkildə pisləməyəcək.
Papuaşvili əlavə edib ki, insident zamanı 20-dən çox polis əməkdaşı xəsarət alıb, lakin buna baxmayaraq, hadisə etirazçılar tərəfindən iqamətgahın qarşısındakı hasarın aşılması ilə əlaqələndirilərək “hasar insidenti” kimi təqdim edilməyə çalışılır.
O, həmçinin Aİ büdcəsindən maliyyələşən "Transparency International – Georgia" təşkilatının 4 oktyabr hadisələri ilə bağlı mövqeyinə də toxunub. Papuaşvilinin fikrincə, Brüsselin bu məsələdəki susqunluğu artıq neytrallıq deyil, açıq mövqedir.
“Bu, Avropa Birliyinin bir vaxtlar dayandığı dəyərlərdən getdikcə uzaqlaşdığını və özünü nifrət, zorakılıq və ekstremizmlə eyniləşdirdiyini açıq şəkildə göstərir”, – deyə Gürcüstan parlamentinin spikeri qeyd edib.
13:15 04.02.2026
Oxunuş sayı: 517