Yeni Kaledoniya iğtişaşları: Fransanın polisi və jandarmı insan hüquqlarını pozdu
Milli İnsan Hüquqları üzrə Məsləhət Komissiyası (CNCDH) Yeni Kaledoniyada baş verən etiraz aksiyaları ilə bağlı rəsmi hesabat yayımlayıb. Sənəddə Fransa dövlət qurumlarının yerli kanak əhalisinə qarşı tətbiq etdiyi zorakılığın sistemli xarakter daşıdığı bildirilib.
Crossmedia.az xəbər verir ki, təhlükəsizlik qüvvələri dinc aksiyalar zamanı proporsional olmayan və əsassız gücdən istifadə edib. Bu yanaşma fundamental insan hüquqlarına və Fransanın beynəlxalq öhdəliklərinə zidd kimi qiymətləndirilib.
CNCDH-nin məlumatına görə, 2024-cü il mayın 13-dən sonra konstitusiyaya dəyişikliklərə qarşı keçirilən etirazlar zamanı zorakılıq halları kəskin şəkildə artıb. Komissiya təhlükəsizlik qüvvələrinin kanaklara qarşı sərt repressiv tədbirlər tətbiq etdiyini vurğulayıb.
Sənəddə hüquq-mühafizə və məhkəmə orqanlarının fəaliyyəti də təhlil olunub. Araşdırma nəticəsində hüquqi prosedurların pozulması, ədliyyə sistemində ciddi uyğunsuzluqlar və beynəlxalq öhdəliklərin yerinə yetirilməməsi halları müəyyən edilib.
Bildirilir ki, əhalisi təxminən 260 min nəfər olan arxipelaqa 6 minə yaxın polis və jandarm yerləşdirilib. Etirazlar zamanı 2 528 nəfər saxlanılıb, 500-dən çox şəxs barəsində cinayət işi başlanıb. Komissiyanın qənaətinə görə, bu tədbirlər əsasən kanak əhalisinə qarşı yönəlib.
Hesabatda həbsxanalardakı vəziyyətə də diqqət çəkilib. Qanunsuz saxlanılan şəxslərlə bağlı qeyri-insani rəftar halları, etirazlar və hətta üsyanlar qeydə alınıb. Bu proseslər zamanı bir məhbusun təhlükəsizlik qüvvələrinin tətbiq etdiyi zorakılıq nəticəsində həyatını itirdiyi bildirilir.
CNCDH həmçinin Fransanın materik hissəsinə köçürülən kanak məhbusların ciddi sosial problemlərlə üzləşdiyini qeyd edib. Məlumata görə, təxminən 17 min kilometr uzaqlıqda saxlanılan şəxslər azadlığa buraxılarkən onlara qış geyimi və geri qayıtmaq üçün bilet təqdim olunmayıb.
Hesabatda vurğulanır ki, iğtişaşlardan sonra Yeni Kaledoniyanın iqtisadiyyatı ciddi zərər görüb və aylarla bir sıra sosial proqramlar dayandırılıb. Komissiya Fransa hakimiyyətini insan hüquqlarının təmin edilməsi və məsul şəxslərin cavabdehliyə cəlb olunması istiqamətində təcili addımlar atmağa çağırıb.
17:26 30.01.2026
Oxunuş sayı: 502