Keçmiş siyasi məhbuslar parlamentliyinə namizəd olur
Banqladeş Ali Məhkəməsində fəaliyyət göstərən vəkil Mir Əhməd bin Qasim Arman fevralın 12-nə təyin edilmiş milli seçkilərdə namizəd kimi seçki kampaniyasına start verib. Arman uzun illər hakimiyyətdə olmuş keçmiş baş nazir Şeyx Hasinanın dövründə təxminən on il ölkənin ən məşhur və qorxulu həbsxanalarından birində saxlanılıb.
Crossmedia.az bu barədə TRT World-a istinadən xəbər verir. Onun əsas seçki vədi demokratiyanın və söz azadlığının qorunmasıdır. Arman bildirir ki, bir vaxtlar edam olunmaq təhlükəsi ilə üz-üzə qalıb:
“Mən edam olunmaq üzrə idim. Sonra öyrəndim ki, tələbələr və xalq küçələrə çıxdı və 17 il ərzində gördüyümüz ən avtoritar, ən faşist lideri devirdi. Mənim ilk öhdəliyim odur ki, mənim başıma gələnlər Banqladeşdə bir daha heç kimin başına gəlməsin.”
Seçkilərdə insan haqları müdafiəçiləri də fəal iştirak edir. Sanjida İslam Tuli “My Dark” və ya “Mothers’ Call” adlı təşkilatın rəhbəri kimi, Hasina hakimiyyəti dövründə məcburi itkinlərdən zərər çəkmiş ailələrə dəstək göstərib. Onun qardaşı da on ildən artıqdır ki, itkin düşüb və bu günə qədər tapılmayıb.
Tuli vurğulayır ki, yeni Banqladeşdə insan haqlarının pozulmasına yol verilməməlidir:
“Məcburi itkinlərə, institusional qətllərə sıfır tolerantlıq olacaq. Biz bütün qurbanların əlindən tutaraq yeni Banqladeşi qurmalıyıq.”
İnsan haqları ilə yanaşı, ölkə əhalisini ən çox narahat edən məsələlərdən biri də sürətlə artan qiymətlərdir. Vətəndaşlar yeni hakimiyyətdən inflyasiyanın cilovlanmasını tələb edirlər.
“Ərzaq məhsullarının qiymətləri kəskin artıb. Biz bazar qiymətlərini və korrupsiyanı nəzarətdə saxlaya bilən bir lider istəyirik,” – deyə sakinlər bildirir.
Bu seçkilər Banqladeşdə 17 illik fasiləsiz hakimiyyətdən sonra keçirilən ilk ümummilli səsvermə olacaq. Seçki Komissiyasının məlumatına görə, 127 milyon seçicinin təxminən 44 faizi 18–37 yaş aralığındadır. İlk dəfə səs verəcək gənclərin seçkinin taleyini dəyişə biləcəyi qeyd olunur.
“Evdən çıxanda öz təhlükəsizliyimə əmin olmaq istəyirəm,” – deyə gənc seçicilərdən biri bildirir. Digərləri isə tələbələr üçün real iş imkanları yaradan, imtiyazları ailə üzvlərinə yox, gənclərə yönəldən qanunvericilər istəyirlər.
Gənclər və tələbələrin öncülük etdiyi kütləvi etirazlardan sonra Banqladeş cəmiyyəti bu seçkiləri ədalət, hüququn aliliyi və demokratiya baxımından həlledici sınaq kimi qiymətləndirir. Seçkilər qeyri-siyasi müvəqqəti hökumətin nəzarəti altında keçiriləcək.
Sevinc Yarməmmədova
00:35 31.01.2026
Oxunuş sayı: 412