Ukrayna qərarını dəyişə bilər
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın nümayəndələri ilə Əbu-Dabidə keçirilməsi planlaşdırılan növbəti görüşün təxirə salına biləcəyini bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə Ukrayna KİV-i məlumat yayıb.
Zelenskinin sözlərinə görə, görüş bazar günü Əbu-Dabidə baş tutmalı idi, lakin onun vaxtı və ya keçirilmə yeri dəyişdirilə bilər.
“Hazırda növbəti görüşün nə vaxt keçiriləcəyini dəqiq deyə bilmərəm. Bizim üçün çox vacibdir ki, razılaşma əldə etdiyimiz bütün tərəflər görüşdə iştirak etsin, çünki hamı geri əlaqə gözləyir. Lakin tarix və ya məkan dəyişə bilər. Çünki bizim fikrimizcə, ABŞ və İran ətrafında baş verən proseslər mövcuddur və bu amillər görüşün vaxtına təsir göstərə bilər”, – deyə Ukrayna prezidenti vurğulayıb.
Zelenski, eyni zamanda, Rusiya Prezidenti Vladimir Putinlə Kiyevdə görüşməyə hazır olduğunu bəyan edib.
“Onu açıq şəkildə Kiyevə dəvət edirəm, əgər, əlbəttə, buna qərar verərsə. Amma əgər kimsə görüşmək istəmir və bunu hər hansı səbəbdən açıq deməyə cəsarət etmir, onda Moskvaya dəvət səsləndirilir”, – deyə Zelenski əlavə edib.
Turqut Ansari
14:58 30.01.2026
Oxunuş sayı: 490