Britaniya: SEPAH-ı terror təşkilatları siyahısına salacağıq
Britaniya hökuməti İslam İnqilabının Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı kimi tanınmasına imkan verəcək yeni qanun layihəsi üzərində işləyir.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Times" qəzeti yazıb.
Avropa Birliyinin SEPAH-ı terror təşkilatları siyahısına daxil etməsi ilə bağlı müzakirələrdən sonra London da hüquqi məhdudiyyətləri sərtləşdirmək niyyətindədir.
Məlumata görə, Britaniya Daxili İşlər Nazirliyi SEPAH da daxil olmaqla düşmən dövlət qurumlarının terror təşkilatı kimi tanınmasına şərait yaradan qanun layihəsinin hazırlandığını təsdiqləyib. Qeyd olunub ki, sənəd parlamentdə təcili prosedurla deyil, normal qanunvericilik qaydasında müzakirəyə çıxarılacaq.
Hökumət mənbələri bildirir ki, qanun layihəsi hələ yekunlaşdırılmayıb, lakin onun bu il parlamentə təqdim olunması gözlənilir. Layihə qəbul edilərsə, polis orqanlarına SEPAH-la əlaqədə şübhəli bilinən şəxslərin pasportlarını müsadirə etmək də daxil olmaqla daha geniş səlahiyyətlər verilə bilər.
Britaniya rəsmiləri bu addımın milli təhlükəsizliyin gücləndirilməsinə və xarici təhlükələrə qarşı hüquqi mexanizmlərin sərtləşdirilməsinə xidmət etdiyini vurğulayırlar.
10:43 30.01.2026
Oxunuş sayı: 558