ABŞ-da milyardlıq səhiyyə fırıldaqçılığı: erməni və rus mafiyaları ifşa olundu
Los-Ancelesdə genişmiqyaslı hospis və evdə tibbi xidmətlə bağlı fırıldaqçılıq sxemi aşkarlanıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Tramp administrasiyasının Medicare və Medicaid Xidmətləri Mərkəzlərinin rəhbəri Mehmet Oz açıqlama verib.
Van Nuys bölgəsində cəmi dörd blok ərazidə 42 hospis müəssisəsi qeydiyyata alınıb və onların böyük hissəsi yalnız sənədlər üzərində mövcuddur.
Məlumata görə, sözügedən tibb müəssisələrinin bir qismi tamamilə boş olub, digərləri isə taxtalarla örtülüb.
Buna baxmayaraq, sənədlərdə xəstələrə guya evdə tibbi qulluq göstərildiyi qeyd edilib. Obyektlərin üzərindəki lövhələrin tez-tez rus və erməni dillərində olması istintaqın diqqətini cəlb edib.
Mehmet Oz bildirib ki, yalnız bir epizod üzrə dövlətə dəyən ziyan 16 milyon dollar təşkil edib.
Cinayəti törədən şəxs isə cəmi iki il həbs cəzası alıb ki, bu da bu cür fırıldaqçılığı cinayətkarlar üçün gəlirli biznesə çevirir.
İlkin hesablamalara əsasən, təkcə Los-Ancelesdə bu tip fırıldaqçılığın ümumi dəyəri 3,5 milyard dollara çatır.
ABŞ Prokurorluğu və Federal Təhqiqat Bürosu (FTB) evdə və icma əsaslı tibbi xidmət proqramlarının ümumi həcminin təxminən 30 milyard dollar olduğunu nəzərə alaraq araşdırmaları genişləndirib.
23:55 29.01.2026
Oxunuş sayı: 470