Sabiq birinci xanım korrupsiya işi üzrə 20 ay müddətinə azadlıqdan məhrum edilib
Seul məhkəməsi Cənubi Koreyanın keçmiş prezidenti Yun Sok Yelin həyat yoldaşı Kim Kon Hini korrupsiya işi üzrə təqsirli bilərək onu 20 ay müddətinə azadlıqdan məhrum edib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir.
Seulun Mərkəzi Rayon Məhkəməsinin bəyanatına görə, Kim Kon Hi Birləşmə Kilsəsi (Unification Church) adlanan dini təşkilatın nümayəndəsindən işgüzar güzəştlər qarşılığında bahalı hədiyyələr qəbul edib. Məhkəmə onu 12,8 milyon von (təxminən 9 min ABŞ dolları) məbləğində vəsaiti geri qaytarmağa da məcbur edib.
Məhkəmə 53 yaşlı Kim Kon Hinin 2022-ci ilin iyulunda Birləşmə Kilsəsinin vəzifəli şəxslərindən birindən “Chanel” markalı çanta və “Graff” brilyant boyunbağı aldığı qənaətinə gəlib. Həmin şəxs ondan biznes sahəsində üstünlüklər əldə etməyə çalışıb.
Qeyd edək ki, məhkəmə 2022-ci ilin aprelində eyni şəxs tərəfindən hədiyyə edilən digər “Chanel” çantasını rüşvət kimi qiymətləndirməyib.
Qərarıda bildirilir ki, təqsirləndirilən şəxs öz mövqeyindən şəxsi mənfəət əldə etmək üçün sui-istifadə edib, Birləşmə Kilsəsinin müraciətləri fonunda təqdim olunan bahalı lüks əşyalardan imtina edə bilməyib və əsas diqqətini şəxsi imicinin formalaşdırılmasına yönəldib.
Kim Kon Hi, həmçinin Deutsch Motors şirkətinin – Cənubi Koreyada BMW avtomobillərinin rəsmi dilerinin – səhmləri ilə bağlı qiymət manipulyasiyasında və siyasi fondlar haqqında qanunun pozulmasında ittiham olunurdu. Lakin məhkəmə bu epizodlar üzrə onu bəraətə çıxarıb. O, irəli sürülən bütün ittihamları rədd edib.
Prokurorluq Kim Kon Hi üçün 15 il azadlıqdan məhrumetmə cəzası tələb edib və çıxarılan hökmə qarşı apellyasiya şikayəti vermək niyyətində olduğunu açıqlayıb.
Qeyd edək ki, Kim Kon Hinin həyat yoldaşı, sabiq prezident Yun Sok Yel daha əvvəl həbsin qarşısını almaqda ittiham edilərək beş il müddətinə azadlıqdan məhrum edilib. Bu, 2024-cü ilin dekabrında ölkədə hərbi vəziyyətin tətbiqi ilə bağlı cinayət işləri üzrə keçmiş dövlət başçısına çıxarılan ilk hökm olub.
Üsyan işi üzrə prokurorluq Yun Sok Yel üçün ölüm cəzası tələb edib. Məhkəmənin yekun qərarının 19 fevralda açıqlanması gözlənilir.
Beləliklə, Kim Kon Hi və Yun Sok Yel Cənubi Koreya tarixində cinayət məsuliyyətinə cəlb edilən ilk sabiq prezident cütlüyü kimi qeydə alınıblar.
Turqut Ansari
03:35 30.01.2026
Oxunuş sayı: 343