İranda İslam Respublikasına qarşı ölkə miqyasında keçirilən etirazlar tarixi dönüş nöqtəsi kimi qiymətləndirilir.
Crossmedia.az xəbər verir ki, bu barədə “Politico” nəşrində dərc olunan məqalədə bildirilib.
Yazıda qeyd olunur ki, iranlılar bu prosesdə həyatlarını riskə ataraq ölkələrinin gələcəyi uğrunda mübarizə aparıblar.
Məqalədə vurğulanır ki, beynəlxalq ictimaiyyət, xüsusilə Avropa, İran xalqının tələbləri qarşısında neytral mövqe tuta bilməz. Etirazçıların əsas gözləntisi kənardan onlar adından danışılması deyil, ölkədə başlanmış dəyişiklik prosesinə real və prinsipial dəstəyin göstərilməsidir.
“Politico” yazır ki, İran cəmiyyəti illərdir dövlət zorakılığı, məhkəməsiz qətllər, qaçırılmalar, işgəncələr və geniş senzura ilə üzləşir. Bu şəraitdə bir tərəfdə güclü dövlət strukturları, digər tərəfdə isə silahsız mülki əhali dayanır.
Məqalə müəlliflərinin fikrincə, baş verənlər artıq təkcə İranın daxili məsələsi deyil və beynəlxalq ictimaiyyətin mövqeyi ölkədəki proseslərin gələcək istiqamətinə birbaşa təsir göstərə bilər.