İran–ABŞ hərbi texnologiya qarşıdurması intensivləşir
Fars körfəzi və Oman dənizi hövzəsində İran və ABŞ arasında hərbi texnologiyalar sahəsində qarşıdurma yenidən diqqət mərkəzinə çıxıb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Son günlər yayılan görüntülərdə İran pilotsuz uçuş aparatlarının (PUA) ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus gəmilərin üzərində uçuşlar həyata keçirdiyi müşahidə olunur. Kadrlara əsasən, İran dronları, o cümlədən "USS Abraham Lincoln" aviadaşıyıcısı daxil olmaqla ABŞ donanmasına məxsus obyektləri müşahidə etməyə cəhd göstərib.
Amerika mənbələrinin bildirdiyinə görə, ABŞ-yə məxsus hərbi helikopterlərdən biri İran PUA-sına yaxınlaşaraq onun havadan görüntülərini qeydə alıb. Sosial şəbəkələrdə bu hadisə ironik şəkildə “selfi müharibəsi” kimi təqdim olunub və tərəflərin hərbi-texnoloji imkanları arasındakı fərqlər müzakirə mövzusuna çevrilib.
İstifadəçilərin bir qismi hesab edir ki, ABŞ istənilən anda İran PUA-sını zərərsizləşdirmək imkanına malikdir. Digər şərhlərdə isə hadisənin tərəflər arasında psixoloji və texnoloji üstünlük nümayişi məqsədi daşıdığı vurğulanır.
Qeyd olunur ki, Hörmüz boğazı və Oman dənizi ətrafında İran və ABŞ-yə məxsus hərbi uçuş və dəniz fəaliyyəti son günlər artıb. Ekspertlər bu dinamikanın regionda gərginliyin yüksəlməsindən xəbər verdiyini bildirirlər.
14:20 29.01.2026
Oxunuş sayı: 390