Amerikalı milyarder Bill Akman ABŞ Prezidenti Donald Trampa İranla bağlı sərt çağırış edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, ABŞ-nin ən böyük hedcinq fondlarından birinin rəhbəri olan Akman İran İslam Respublikasını “qlobal təhlükə” adlandıraraq, rejimə qarşı qəti addımların atılmasının vaxtının çatdığını bildirib. O, Iran International kanalının hazırladığı videoreportajı “X” sosial şəbəkəsində paylaşaraq, ABŞ prezidenti, dövlət katibi və müdafiə nazirini həmin materiala baxmağa çağırıb.
Trampa ünvanladığı müraciətdə Akman onun verdiyi vədlərə sadiq lider olduğunu vurğulayıb və İran hakimiyyətinin etirazçıların öldürülməsini “qırmızı xəttə çevirdiyini” iddia edib. Milyarderin sözlərinə görə, son illərdə İran rejimi tərəfindən on minlərlə insan öldürülüb, yüz minlərlə şəxs isə görmə qabiliyyətini itirib və ya ömürlük şikəst qalıb.
Bill Akman müraciətini “İşi bitirməyin vaxtıdır” ifadəsi ilə yekunlaşdırıb.