Fransa Prezidenti Emmanuel Makronun Suriya ilə bağlı irəli sürdüyü “qırmızı xətt”in faktiki təsir gücünün olmadığı bildirilir. ABŞ qoşunlarının bölgədən geri çəkilməsindən sonra Paris SDF/YPG-ni qorumağa çalışsa da, Fransanın real təsir imkanlarının son dərəcə məhdud olduğu vurğulanır.
Crossmedia.az bu barədə "Le Point" nəşrinə istinadən xəbər verir.
Makron şəxsən SDF komandanı Məzlum Əbdi ilə Suriya Prezidenti Əhməd əl-Şaraa arasında vasitəçilik etməyə cəhd göstərib. Bildirilir ki, Fransa lideri Əyn əl-Ərəb (Kobani) şəhərinə mümkün hücumun qarşısını almaq məqsədilə telefon danışığı təşkil etməyə çalışıb.
Lakin mənbələrin iddiasına görə, Əhməd əl-Şaraa zəngə cavab verməyib və bu, Makronun qəzəbinə səbəb olub. Fransa Prezidenti Dəməşqə xəbərdarlıq edərək bildirib ki, Paris “Kobanidə qırğına dözməyəcək” və eyni zamanda kürdləri tərk etməyəcəyini bəyan edib. Bununla belə, Şaraa bu təhdidlərə mə-həl qoymayıb.
Məlumatda qeyd olunur ki, Fransa kəşfiyyatı bölgədə gizli dəstək fəaliyyətlərini davam etdirir və hərbi bazalar “yüksək hazırlıq vəziyyətinə” gətirilib. Buna baxmayaraq, birbaşa hərbi müdaxilə hələ də qeyri-real hesab olunur.
Keçmiş Fransa rəsmilərindən biri mümkün kürd tərk edilməsini “mənəvi uğursuzluq” adlandıraraq bildirib ki, Fransa təhlükəsizliyini illər boyu kürdlərə həvalə edib və amerikalılar kimi sadəcə “təşəkkür edib, vidalaşmaq” imkanına malik deyil.