ABŞ şübhə içindədir: Venesuela lideri Trampın xəttinə sadiqdirmi?
ABŞ kəşfiyyatının qiymətləndirməsinə görə, Venesuelanın müvəqqəti prezidenti Delsi Rodrigezin ABŞ-nin rəqibləri ilə əlaqələri rəsmi şəkildə kəsərək Donald Tramp administrasiyası ilə tam əməkdaşlığa hazır olub-olmadığı şübhə altındadır.
Crossmedia.az "Reuters"ə istinadən xəbər verir ki, Vaşinqton Rodrigezi İran, Çin və Rusiya ilə münasibətləri kəsməyə, eləcə də bu ölkələrin diplomat və məsləhətçilərini vəzifələrindən uzaqlaşdırmağa açıq şəkildə çağırıb. Lakin kəşfiyyat hesabatlarında Rodrigezin ABŞ strategiyasını tam şəkildə dəstəkləyib-dəstəkləmədiyinin aydın olmadığı qeyd olunur.
Buna baxmayaraq, Tramp administrasiyasının Rodrigezlə işləməkdən başqa real alternativ görmədiyi bildirilir. Eyni zamanda, ABŞ rəsmiləri Venesuela ordusu və təhlükəsizlik xidmətlərinin yüksək rütbəli nümayəndələri ilə, mövqelərini dəyişəcəkləri təqdirdə, sakit şəkildə əlaqələr qurmağa başlayıblar.
Kəşfiyyat materiallarında müxalifət lideri Mariya Korina Maçadonun hazırda effektiv idarəetmə potensialına malik olmadığı, xüsusilə təhlükəsizlik strukturları və neft sektoru ilə əlaqələrinin zəif olduğu qənaətinə də yer verilir. Ağ Ev Maçadonu uzunmüddətli perspektivdə mümkün lider kimi müsbət qiymətləndirsə də, yekun qərar verilmədiyindən onun məsləhətçi rolu üçün nəzərdən keçirilməsi ehtimalının daha yüksək olduğu bildirilir.
10:57 28.01.2026
Oxunuş sayı: 391