İran rejimi uçurumda : Hər şey Trampın qərarından asılıdır
ABŞ kəşfiyyat orqanları prezident Donald Trampa təqdim etdikləri hesabatda İran hakimiyyətinin 1979-cu il İslam İnqilabından bəri ən zəif dövrünü yaşadığını bildirib.
Crossmedia.az bu barədə "The New York Times"-a istinadən xəbər verir.
Məlumata görə, ötən ilin sonlarında baş verən kütləvi etirazlar ölkədə hakimiyyətin mövqelərini ciddi şəkildə sarsıdıb. Etirazlar hətta İranın ali dini lideri Seyid Əli Xameneinin əsas dayağı hesab olunan regionlara qədər yayılıb. Aksiyalar güc yolu ilə yatırılmış olsa da, rejim zəif iqtisadiyyat və genişmiqyaslı repressiyalar səbəbindən ağır vəziyyətdə qalır.
Nəşr yazır ki, sərt təzyiqlər əhalinin hakimiyyətə olan etimadını daha da azaldıb və daxili narazılıqları dərinləşdirib.
Bu proseslər fonunda ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu artırır. “Avraam Linkoln” aviadaşıyıcısı və “Tomahawk” qanadlı raketləri ilə təchiz olunmuş müşayiətçi gəmilər ABŞ Mərkəzi Komandanlığının nəzarət zonasına daxil olub. Əmr veriləcəyi təqdirdə, hərbi qüvvələr 1–2 gün ərzində İrana zərbə endirə bilər.
Eyni zamanda, KİV-in məlumatına görə, Tramp administrasiyasında mümkün hərbi əməliyyatlarla bağlı fikir ayrılığı mövcuddur. Prezident sürətli və qəti nəticə əldə etmək niyyətində olsa da, onun müşavirləri hərbi müdaxilənin rejimin tez bir zamanda çökməsinə gətirib çıxaracağına dair ciddi şübhələr daşıyırlar.
Ceyran İsmayılzadə
17:25 27.01.2026
Oxunuş sayı: 661