London–Pekin xəttində buzlar əriyir?
Böyük Britaniyanın baş naziri Keir Starmer illər sonra Çin lideri Si Cinpinlə yenidən görüşməyə hazırlaşır. Onların son və eyni zamanda ilk rəsmi təması G20 sammiti çərçivəsində Braziliyada baş tutmuşdu. Bundan əvvəl isə Britaniya və Çin liderləri altı il ərzində heç bir formal ikitərəfli görüş keçirməmişdi.
Crossmedia.az bu barədə TRT World-a istinadən xəbər verir. Starmer hesab edir ki, tarixin dərsi aydındır: liderlər arasında dialoq nə qədər çox olarsa, dünya bir o qədər təhlükəsiz olar.
İndi isə Britaniya baş naziri Pekinə səfərə hazırlaşır. Səfərin əsas məqsədi xarici investisiyaların və ticarət əlaqələrinin genişləndirilməsidir. Bu məqsədlə Starmerlə birlikdə Britaniyanın aparıcı biznes nümayəndələrindən ibarət nümayəndə heyəti də Çinə yollanacaq.
Səfər son illər gərginləşmiş Britaniya–Çin münasibətlərində yeni səhifə açmaq cəhdi kimi qiymətləndirilir. Xatırladaq ki, bu münasibətlər Çin telekommunikasiya nəhəngi “Huawei” şirkətinin milli təhlükəsizlik səbəbilə Böyük Britaniyanın 5G şəbəkəsindən kənarlaşdırılması, Honkonqda milli təhlükəsizlik qanunu əsasında britaniyalı vətəndaş Cimmi Layın saxlanılması və məhkum edilməsi ilə daha da pisləşmişdi.
Bundan əlavə, Böyük Britaniyada iki britaniyalı vətəndaş Çin üçün casusluq etmək ittihamı ilə rəsmi sirlər haqqında qanun əsasında ittiham olunmuş, lakin onlar ittihamları rədd etmiş və sonradan işlərə xitam verilmişdi. Bu hadisələr ikitərəfli münasibətlərdə ən aşağı nöqtə kimi dəyərləndirilir.
Hazırda isə tərəflər arasında ehtiyatlı bir “yenidən başlama” ümidləri var. Bu istiqamətdə ilk addımlardan biri kimi, bu ay Böyük Britaniya hökuməti Çinə Avropanın ən böyük səfirliklərindən birini Londonda – keçmiş Royal Mint ərazisində inşa etməyə icazə verib. Çin bu ərazini hələ 2018-ci ildə alsa da, layihə təhlükəsizlik və casusluq narahatlıqları səbəbindən uzun müddət gecikmişdi.
Çin özünü ABŞ-yə alternativ qlobal tərəfdaş kimi təqdim etdiyi bir vaxtda, Vaşinqtonun etibarlılığı ilə bağlı Avropada və dünyada artan suallar fonunda Pekinin diplomatik açılımının nəticə verib-vermədiyi də müzakirə olunur.
Çin tərəfi bildirir ki, məqsəd ticarət tərəfdaşları ilə “ortaq rifahı” artırmaq, qlobal iqtisadiyyatda “pastanı böyütməkdir”.
Son illərdə Fransa prezidenti iki dəfə, Almaniya rəhbərliyi isə dörd dəfə Çinə səfər edib. Kanada baş naziri Mark Karni də bu yaxınlarda Pekindən qayıdıb və iki ölkə arasında ilkin, lakin tarixi əhəmiyyətə malik ticarət razılaşması əldə olunub.
Londonda isə Keir Starmer Çinə yanaşmasını belə ifadə edir: “Mümkün olan yerdə əməkdaşlıq edirik, zəruri olan yerdə isə etiraz edirik.” O, bu mövqeyini “Britaniya praqmatizmi” ilə əsaslandırır.
Sevinc Yarməmmədova
17:02 27.01.2026
Oxunuş sayı: 491