Erməni futbol mütəxəssisindən bəhs edən film post-sovet ölkələrində göstəriləcək
Erməni futbol mütəxəssisi Nikita Simonyanın həyat və fəaliyyətindən bəhs edən “Qızıl dubl” adlı bədii filmin bütün postsovet məkanında izləniləcəyi gözlənilir.
Bu barədə Crossmedia.az Rusiya Veteranlar İttifaqına istinadən məlumat yayıb."İttifaqın sədri" Aleksandr Mirzoyan bildirib ki, ekran işi futbolun zəngin tarixinə yaxından baxış imkanı yaradır və geniş auditoriyanın marağına səbəb olacaq:
“Bu film futbol tarixinin zəngin irsi ilə tanış olmağa şərait yaradır. İnsanlar onu maraqla izləyəcəklər. Çünki Nikita Pavloviçi hər yerdə sevirdilər”.
Rejissor Mger Mkrtçyanın çəkdiyi filmin pre-premyera nümayişi ötən gün Moskvada yerləşən “Cinema Park Mosfilm” kinokonsert kompleksində keçirilib. Film Nikita Simonyanın “Spartak” klubunun baş məşqçisi vəzifəsindən ayrılaraq İrəvan “Ararat” komandasına keçməsi dövrünə həsr olunub. Əfsanəvi futbolçunun rolunu tanınmış aktyor Yeqor Beroyev ifa edib.
“Qızıl dubl” filmi 29 yanvar tarixindən etibarən kinoteatrlarda nümayiş olunacaq.
Qeyd edək ki, Nikita Simonyan filmin premyerasını görə bilməyib — o, ötən ilin noyabrında 99 yaşında vəfat edib.
16:59 27.01.2026
Oxunuş sayı: 383