Fransadan sərt addım: Rus diplomatlara 24 saatlıq xəbərdarlıq şərti
Fransa Xarici İşlər Nazirliyi diplomatların hərəkəti ilə bağlı yeni məhdudiyyətlər barədə Rusiyanın Parisdəki səfirliyinə rəsmi məlumat verib.
Crossmedia.az xəbər verir ki, bu barədə Rusiya diplomatik missiyasına istinadən RİA Novosti məlumat yayıb.
Bildirilib ki, bundan sonra Rusiya səfirliyi Avropa İttifaqına üzv digər ölkələrdə akkreditə olunmuş rus diplomatlarının Fransaya gəlişi və ya ölkə ərazisindən tranziti barədə ən geci 24 saat əvvəl Xarici İşlər Nazirliyini məlumatlandırmalıdır.
Eyni zamanda qeyd olunub ki, Paris hələlik Avropa Komissiyası tərəfindən müəyyən edilmiş qaydalardan kənar əlavə tələblər irəli sürməyib.
Xatırladaq ki, Niderland daha əvvəl oxşar tədbirlər tətbiq edərək rus diplomatlarının Avropa İttifaqı daxilində hərəkətini məhdudlaşdırmışdı. Rusiya diplomatik missiyası bu addımları məqsədyönlü siyasi təzyiq və beynəlxalq hüquq normalarının seçmə tətbiqi siyasətinin tərkib hissəsi kimi qiymətləndirib.
16:35 27.01.2026
Oxunuş sayı: 420