Almaniya generalları xəbərdarlıq edir: Rusiya NATO-ya hücum edə bilər
Almaniya Silahlı Qüvvələrinə Dəstək Komandanlığının rəhbəri Cerald Funke bildirib ki, Rusiya yaxın iki–üç il ərzində NATO ölkələrinə qarşı hərbi əməliyyatlara başlaya bilər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Onun sözlərinə görə, belə bir ssenaridə Almaniya hadisələrin episentrində qala bilər.
Funke qeyd edib ki, mümkün münaqişə zamanı ən ciddi problemlərdən biri logistika olacaq. Xüsusilə, on minlərlə müttəfiq əsgərin cəbhə bölgələrinə yenidən yerləşdirilməsi böyük risklər yaradacaq. Onun sözlərinə əsasən, əsas avtomobil və dəmir yolu marşrutları Rusiyanın təxribatları, kiberhücumları və hətta raket zərbələri nəticəsində zədələnə bilər.
General həmçinin yaralıların sayının çox olmasının Almaniya üçün əlavə çətinlik yaradacağını vurğulayıb. Bildirilib ki, "Bundesver"in hazırda cəmi 1800 çarpayılıq beş hərbi xəstəxanası mövcuddur və genişmiqyaslı münaqişə şəraitində bu imkanlar qısa müddətdə tükənə bilər.
Alman hərbi dairələri hesab edirlər ki, bu risklər NATO ölkələrinin mümkün ssenarilərə indidən hazırlaşmasını zəruri edir.
14:21 27.01.2026
Oxunuş sayı: 552