Rusiyada miqrasiya siyasəti ilə bağlı yeni qanunvericilik təşəbbüsü irəli sürülüb.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Yeni qaydalara əsasən, öz ölkəsində Rusiya Cinayət Məcəlləsinə uyğun cinayət törətmiş miqrantlar Rusiya vətəndaşlığı və yaşayış icazəsi almaq hüququndan məhrum ediləcəklər.
Məlumata görə, hökumət sözügedən qanun layihəsini Rusiya Daxili İşlər Nazirliyi ilə birgə dəstəkləyib. Layihə miqrasiya prosesinə nəzarətin gücləndirilməsini və təhlükəsizlik risklərinin azaldılmasını hədəfləyir.
Yeni tələblərə əsasən, Rusiya ərazisində yaşamaq və ya vətəndaşlıq almaq üçün müraciət edən miqrantlardan cinayət törətmədiklərini təsdiq edən rəsmi arayış tələb olunacaq. Bildirilir ki, bu sənəd miqrantlar tərəfindən öz vətəndaşı olduqları ölkələrdə əldə edilməlidir.
Rəsmi dairələr hesab edirlər ki, bu addım miqrasiya sahəsində şəffaflığın artırılmasına və cinayətkarlıq risklərinin qarşısının alınmasına xidmət edəcək.