KİV: Bu ölkə daha çox neft satır, amma daha az qazanır
İran 2025-ci ildə əvvəlki illərlə müqayisədə daha çox neft ixrac etsə də, xammal satışından əldə etdiyi gəlirlər kəskin şəkildə azalıb.
Crossmedia.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzetinin yazıb.
Məlumata görə, gəlirlərin azalması təkcə qlobal neft qiymətlərinin düşməsi ilə izah olunmur. Buna ABŞ sanksiyalarının təzyiqi, eləcə də İranın məhdud satış imkanlarından istifadə edərək ciddi endirimlər tələb edən vasitəçilər və alıcılar da təsir göstərib. İran neftinin əsas ixrac kanalı ABŞ tərəfindən yaxından izlənilən, köhnəlmiş tankerlərdən ibarət “kölgə donanması” olaraq qalır.
Neft gəlirlərinin azalması ölkədəki iqtisadi böhranı daha da dərinləşdirib və bu, İran daxilində kütləvi etirazların artmasına səbəb olub. Bununla belə, İran hələ də qlobal neft bazarında əhəmiyyətli oyunçu sayılır: dünya istehsalının təxminən 3%-ni təmin edir və OPEC-in təsisçi üzvüdür.
Analitiklərin hesablamalarına görə, İranın neft satışlarından əldə etdiyi gəlir 2024-cü ildə təxminən 30 milyard dollar təşkil edib. Bunun təxminən üçdə ikisi xalis mənfəət olsa da, bu göstərici əvvəlki illərlə müqayisədə xeyli aşağıdır. Aşağı qiymətli xam neftin emalına yönəlmiş kiçik Çin neft emalı zavodları əsas alıcılar olaraq qalır.
Sanksiyalara baxmayaraq, İran yüksək ixrac həcmlərini qoruyub saxlaya bilib. Oktyabr ayında gündəlik tədarük təxminən 2 milyon barelə çataraq çoxillik rekord müəyyən edib. Ümumilikdə, 2025-ci ildə neft ixracı 2018-ci ildən bəri ən yüksək səviyyədə olub.
İxrac əsasən Çinin dəstəyi və "TankerTrackers.com"un məlumatına görə, təxminən 180 supertanker də daxil olmaqla 600-dən çox gəmidən ibarət “kölgə donanması” vasitəsilə həyata keçirilir. İran nefti Çinin xam neft idxalının təxminən 15%-ni təşkil etsə də, Pekin bu tədarükləri rəsmi statistikalarda əks etdirmir.
09:54 27.01.2026
Oxunuş sayı: 417