İsrail XİN başçısı: İran nüvə silahı əldə etməməlidir
İsrailin xarici işlər naziri Gideon Saar bildirib ki, İranın nüvə silahı əldə etməsinə heç bir halda icazə verilməməlidir.
Crossmedia.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, nazir açıqlamasında deyib ki , İsrail və ABŞ-nin birgə addımları Tehranın nüvə ambisiyalarının məhdudlaşdırılmasında mühüm rol oynayıb və bu əməkdaşlıq regionun daha təhlükəsiz hala gəlməsinə töhfə verib.
Saar vurğulayıb ki, nüvə silahı “dünyanın ən təhlükəli silahıdır” və bu silahın İran kimi bir dövlətin əlinə keçməsi regional və qlobal təhlükəsizlik üçün ciddi risk yaradar.
İranda davam edən kütləvi etirazlara da toxunan İsrail XİN rəhbəri ayətullah rejimini sərt tənqid edib. O bildirib ki, hazırda İran hakimiyyəti azadlıq uğrunda mübarizə aparan öz xalqına qarşı amansız zorakılıq nümayiş etdirir.
“Bu rejim öz vətəndaşlarını vəhşicəsinə öldürür və əzir. İran ağlasığmaz miqyasda kütləvi qırğınlar yaşayır. Əgər onlar bunu öz xalqına edirlərsə, başqa ölkələrə qarşı eyni davranışı sərgiləməyəcəklərini necə gözləmək olar?” — deyə Saar qeyd edib.
Nazir beynəlxalq ictimaiyyəti İranın nüvə proqramına qarşı daha qətiyyətli mövqe nümayiş etdirməyə çağırıb.
09:34 27.01.2026
Oxunuş sayı: 462