Prezidentdən sərt açıqlama: Ekspansiya və imperializm Rusiyanın DNT-sindədir
Rusiyanın “DNT"-də hələ də ekspansiya və imperializm mövcuddur.
Crossmedia.az xəbər verir ki, bu fikirləri Finlandiya prezidenti Aleksandr Stubb "The Washington Post" qəzetinə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Qərbdə Baltik ölkələri, Finlandiya və ya NATO üzvü olan Polşa üçün təhlükə barədə çox danışılır.
Lakin onun fikrincə, daha narahatedici perspektiv Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri üçün mövcuddur.
Rusiyanın ekspansionist və imperial ambisiyaları NATO-ya üzv dövlətlərdən daha çox Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri üçün daha narahatedici perspektiv yaradır.
Beynəlxalq icmalçı Devid İqnatiusla söhbətində Stubb qeyd edib ki, onun fikrincə, Rusiya hakimiyyəti ekspansionist niyyətlərini qoruyub saxlayır.
“Düşünürəm ki, Rusiyanın DNT-sində hələ də ekspansiya və imperializm mövcuddur. Məncə, Rusiya Prezidenti Vladimir Putinin hərəkətlərinin əsas hərəkətverici qüvvəsi ‘Rus dünyası’ konsepsiyasıdır — Böyük Rusiya ideyası. Bu isə mahiyyət etibarilə bir Rusiya, bir dil, bir din və bir lider deməkdir”, — deyə Stubb qeyd edib.
Onun sözlərinə görə, Rusiya Prezidenti hələ də Sovet İttifaqının dağılmasını böyük faciə kimi qiymətləndirir.
“Qərbdə Baltik ölkələri, Finlandiya və ya NATO üzvü olan Polşa üçün təhlükə barədə çox danışılır. Mənim fikrimcə isə daha narahatedici perspektiv digər regionlar — Mərkəzi Asiya, Cənubi Qafqaz və başqa bölgələr üçün mövcuddur”, — deyə Finlandiya prezidenti bəyan edib.
Rusiya ictimai xadimləri keçmiş SSRİ ölkələrinin suverenliyini mütəmadi olaraq şübhə altına alırlar. Yanvarın əvvəlində teleaparıcı Vladimir Solovyov Ermənistanı və Mərkəzi Asiyanı Rusiyanın təsir zonaları adlandıraraq, onların itirilməsinin Rusiyanın milli təhlükəsizliyinə təhdid yaradacağını bildirib. Bundan az sonra filosof Aleksandr Duqin bəyan edib ki, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələri Rusiya ilə vahid ittifaqın bir hissəsi olmalıdır.
“Suveren Ermənistanın, Gürcüstanın, Qazaxıstanın, Özbəkistanın mövcudluğu ilə razılaşmaq olmaz… Ya onlar bizim düşərgədə olacaqlar, ya da Qərbin və ya Çinin dayaq nöqtəsinə çevriləcəklər”, — deyə Duqin bildirib.
Turqut Ansari
20:43 23.01.2026
Oxunuş sayı: 547