İlon Mask siyasətə qayıdır
Amerikalı biznesmen və milyarder İlon Mask ölkədə qarşıdan gələn aralıq seçkilər fonunda ABŞ siyasətinə qayıdır.
Crossmedia.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazıb.
Nəşrin məlumatına görə, Respublikaçılar Partiyasının nüfuzlu simaları, o cümlədən ABŞ-nin vitse-prezidenti J.D. Vens, Maskdan Respublikaçıların Nümayəndələr Palatası və Senatdakı cüzi üstünlüklərini qoruyub saxlamağa kömək etməsini xahiş ediblər.
WSJ-nin mənbələrinə əsasən, milyarder ABŞ Prezidenti Donald Trampın prezidentlik kampaniyasına dəstək məqsədilə 2024-cü ildə yaradılan "America PAC" vasitəsilə Respublikaçıların seçki kampaniyasına ianə verməyi nəzərdən keçirir.
Məqalədə qeyd olunur ki, bu addım Maskın “siyasətdən uzaqlaşıb biznesə fokuslanmasından aylar sonra siyasi arenaya dönüşünü” göstərir.
Xatırladaq ki, noyabrın 3-də ABŞ Konqresinin hər iki palatası üçün aralıq seçkilər keçiriləcək.
15:06 23.01.2026
Oxunuş sayı: 442