Böyük Britaniya regional təhlükəsizliklə bağlı gərginlik fonunda Qətərdəki Əl-Udeyd aviabazasına "RAF Tayfun" döyüş təyyarələrini yerləşdirib.
Crossmedia.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, yerləşdirmə müdafiə missiyalarının icrası məqsədi daşıyır və London ilə Doha arasında onilliklərdir davam edən yaxın müdafiə tərəfdaşlığını daha da möhkəmləndirir.
Nazirliyin açıqlamasında vurğulanıb ki, bu addım ikitərəfli əlaqələrin gücləndirilməsinə, regional sabitliyin təşviqinə və Böyük Britaniyanın xaricdəki hərbi mövqeyinin möhkəmlənməsinə xidmət edir.
Məlumata görə, qərar İran ətrafında vəziyyətin gərginləşməsi və ABŞ qüvvələrinin Yaxın Şərqə kütləvi şəkildə yerləşdirilməsi fonunda qəbul edilib. Analitiklər hesab edirlər ki, Britaniyanın bu addımı regionda təhlükəsizlik balansının qorunmasına yönəlmiş koordinasiyalı tədbirlərin bir hissəsidir.