Pezeşkian və Ərdoğan bu mövzunu müzakirə edib
Dünən İran Prezidenti Məsud Pezeşkian ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, danışıq zamanı Pezeşkian İranda baş verən son hadisələrin mahiyyəti barədə məlumat verərək, ABŞ və İsraili etirazları dəstəkləməkdə ittiham edib. O qeyd edib ki, milyonlarla iranlının hadisələr zamanı fəal mövqe nümayiş etdirməsi bu cür ssenarilərin qarşısının alınmasına imkan verib.
İran prezidenti vurğulayıb ki, “İslam ümmətinin düşmənləri bölgədə daxili böhranlar yaratmaqla terror və qeyri-sabitliyi yaymağa çalışırlar”. Onun sözlərinə görə, İslam ölkələri arasında birlik və həmrəylik regionda davamlı sülh və təhlükəsizliyin təmin olunmasının əsas şərtidir.
Telefon danışığında Ərdoğan isə İranın etirazların idarə edilməsində prinsipial və strukturlaşdırılmış yanaşmasını müsbət qiymətləndirib. Türkiyə prezidenti bildirib ki, “İranın sülhü, sabitliyi və təhlükəsizliyi Türkiyə üçün strateji və həyati əhəmiyyət daşıyır” və Ankaranın İrana qarşı hər cür müdaxiləçi ssenarini rədd etdiyini vurğulayıb.
Söhbət zamanı tərəflər ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsində maraqlı olduqlarını bildiriblər. Eyni zamanda, Əməkdaşlıq üzrə Ali Şuranın doqquzuncu iclasının yaxın vaxtlarda Tehranda keçirilməsi ilə bağlı razılıq əldə olunub.
13:06 23.01.2026
Oxunuş sayı: 469