Dəməşq–SDF razılaşması yekunlaşmaq üzrədir
ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi və eyni zamanda Türkiyədəki səfiri Tom Barak, eləcə də ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndələri Suriyanın şimalında Suriya Demokratik Qüvvələrinin (SDF) lideri Mazlum Abdi və digər kürd siyasi-hərbi rəhbərlərlə görüş keçiriblər.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Məlumata görə, SDF/YPG ilə Dəməşq arasında uzun müddətdir aparılan danışıqlar yekun mərhələyə yaxınlaşıb. Anlaşmanın əsas müddəaları artıq formalaşıb, lakin sənəd hələlik nə Suriya hakimiyyəti, nə də SDF tərəfindən rəsmi şəkildə təsdiqlənməyib.
Razılaşmanın əsas şərtləri
Mənbənin bildirdiyinə görə, mümkün razılaşmaya əsasən:
-
SDF/YPG nəzarətində olan ərazilərdə qismən muxtar idarəetmə modeli tətbiq ediləcək;
-
SDF/YPG öz strukturu ilə Suriya ordusuna inteqrasiya olunacaq, lakin yalnız üç diviziya saxlanılacaq, digər silahlı strukturlar ləğv ediləcək;
-
SDF/YPG üzvlərindən biri Suriya müdafiə nazirinin müavini təyin olunacaq, lakin bu postu Mazlum Abdi tutmayacaq;
-
Haseke və Qamışlıda yerli idarəetmə kürd administrasiyasının əlində qalacaq;
-
Sərhəd-keçid məntəqələri və neft yataqları Dəməşqə təhvil veriləcək, lakin onların mühafizəsi kürdlərdən ibarət və Şamın tabeliyində olan qüvvələrə həvalə oluna bilər;
-
ABŞ qüvvələrinin regionu tərk etməsi nəzərdə tutulur.
Dil və vətəndaşlıqla bağlı güzəştlər
Razılaşmada sosial-siyasi məsələlər də əksini tapıb:
-
Kürd dili Suriyada xüsusi regional status alacaq (İsraildə ərəb dilinin statusuna bənzər formada);
-
Novruz rəsmi milli bayram kimi dövlət səviyyəsində qeyd olunacaq;
-
Vaxtilə vətəndaşlıqdan məhrum edilmiş kürdlərin vətəndaşlığı bərpa ediləcək;
-
Şam Haseke vilayətinə öz valisini təyin edəcək.
Məlumata görə, razılaşma regionda qüvvələr balansını ciddi şəkildə dəyişə, Suriyanın gələcək idarəetmə modelinə və ABŞ-nin Yaxın Şərqdəki mövcudluğuna birbaşa təsir göstərə bilər.
13:02 23.01.2026
Oxunuş sayı: 537