Belçika baş naziri: Dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi “müharibə aktı” sayılar
Belçikanın Baş naziri Bart De Vever bildirib ki, dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsi “müharibə aktı” sayılar və Avropa buna yol verə bilməz.
Crossmedia.az UNİAN-a istinadən xəbər verir ki, o, Avropa ilə Rusiya arasında formal müharibə vəziyyəti olmadığı üçün vəsaitlərin müsadirə olunmasının mümkün olmadığını deyib.
“Başqasının pulunu qanunsuz şəkildə götürmək olmaz. Biz Rusiya ilə müharibə aparmırıq. Avropa Rusiya ilə müharibə etmir”, — deyə De Vever Davosda keçirilən forumda müzakirə zamanı bildirib.
O vurğulayıb ki, bu cür addımın tarixi presedenti yoxdur: hətta İkinci Dünya müharibəsi zamanı belə dondurulmuş aktivlər müsadirə edilməyib.
Bununla belə, Belçikanın baş naziri qeyd edib ki, aktivlər müharibənin sonunadək dondurulmuş vəziyyətdə qalacaq və bu məsələ sülh sazişi bağlananda müzakirə olunacaq: “Əgər bu məndən asılı olsa və bu məsələdə söz haqqım olsa, həmin pulların hər bir avrosu Ukraynaya ödənişlərə və bərpa işlərinə yönəldilsin istərdim. Hətta bir avronun belə Moskvaya qayıtdığını görmək mənim üçün çox üzücü olardı”, — deyə o əlavə edib.
Turqut Ansari
12:16 23.01.2026
Oxunuş sayı: 486