Avropa Parlamenti İrana qarşı sərt qətnamə qəbul edib
Avropa Parlamenti İrana qarşı sərt mövqeni əks etdirən qətnamə qəbul edib.
Crossmedia.az bu barədə xarici mediaya istinadən xəbər verir.
Sənəd dünən keçirilən iclasda səs çoxluğu ilə təsdiqlənib və İranın həm xarici siyasətini, həm də daxili repressiyalarını hədəf alır.
Qətnamədə İranın işğalçı siyasəti və ölkə daxilində kütləvi etirazlara qarşı zorakı müdaxiləsi kəskin şəkildə pislənir. Sənəddə nümayişçilərin öldürülməsi, edamların həyata keçirilməsi və insan hüquqlarının kobud şəkildə pozulması qınanaraq, İran hakimiyyətinə bu cür addımları dərhal dayandırmaq çağırışı edilir.
Avropa Parlamenti qətnamədə İran xalqına və müxalif qüvvələrə dəstəyini ifadə edir, eyni zamanda SEPAH-ın (İran İslam İnqilabı Keşikçiləri Korpusu) Avropa İttifaqının terror təşkilatları siyahısına salınmasını tələb edir.
Sənəddə əlavə olaraq, İranın Avropa ölkələrindəki səfirlərinin paytaxtlardan çıxarılması ilə bağlı çağırış da yer alıb. Bu addım Tehrana qarşı diplomatik təzyiqlərin artırılması niyyətini ortaya qoyur.
Qətnamə müzakirələri zamanı İranın son şahının oğlu Rza Pəhləvinin Avropa Parlamentinə dəvət edilməsi təşəbbüsü də gündəmə gəlib. Lakin bu təklif səs çoxluğu ilə rədd edilib.
Qəbul edilən sənəd Avropa İttifaqı ilə İran arasında münasibətlərin daha da gərginləşdiyini və Brüsselin Tehrana qarşı siyasi təzyiq xəttini sərtləşdirdiyini göstərir.
11:28 23.01.2026
Oxunuş sayı: 1581